İQTİSADİYYAT


“Star” neft emalı zavodu layihəsi üzrə işlərin 68 faizdən çoxu tamamlanıb

A+ A

Bakı, 9 iyul, Nihad Budaqov, AZƏRTAC

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim PetroKimya Holding A.Ş.”nin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodunun tikintisi üzrə bütün işlərin 68 faizdən çoxu tamamlanıb. Hazırda işlər qrafik üzrə davam etdirilir və zavodun 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Bu barədə AZƏRTAC-a SOCAR-dan məlumat verilib. Bildirilir ki, “Star” neft emalı zavodu Türkiyədə özəl sektorda həyata keçirilən ilk neft emalı layihəsi olmaqla yanaşı, son 30 ildə reallaşdırılan ən böyük özəl sektor layihəsidir. Zavodun qurulmasında əsas məqsəd “Petkim” neft-kimya kompleksinin xam maddəsi olan naftanın və Türkiyənin idxaldan asılı olduğu digər məhsulların istehsal edilməsidir. “Star”ın məhsullarının Aralıq dənizi və Cənubi Avropa ölkələri bazarlarına ixracı nəzərdə tutulur. Zavodun xammalı orta-ağır və açıq-boz xam neft, əsas məhsulları isə dizel və nafta olacaq. “Star”ın istehsal gücü ildə 10 milyon ton (240 min barrel/gün) xam neft təşkil edəcək.

“Star” layihəsinin dəyəri ümumilikdə 5,65 milyard ABŞ dollarıdır. Bu məbləğin 3,3 milyard dollarlıq hissəsi İspaniyanın “CESCE”, Yaponiyanın “JBIC” və “NEXI”, Koreya Respublikasının “K-Sure”, İtaliyanın “SACE” və ABŞ-ın “US Exim” kimi iri kredit təşkilatlarından borc kapitalı, qalan hissəsi isə səhm kapitalından təşkil olunub. Layihə özünü maliyyələşdirir və borclar zavod işə düşdükdən sonra “Star” tərəfindən geri ödəniləcək.

Qeyd edək ki, “Star” neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.