İQTİSADİYYAT
“Star” neft emalı zavodunun inşası üzrə işlərin 85 faizi tamamlanıb
Bakı, 15 mart, Nihad Budaqov, AZƏRTAC
SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim PetroKimya Holding A.Ş.”nin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodunun tikintisi üzrə işlərin 85 faizi tamamlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) məlumat yayıb. Hazırda zavodun inşasında 15 mindən çox işçi çalışır.
Qeyd edək ki, “Star” neft emalı zavodunun inşaat və mühəndislik işlərinin böyük hissəsi bu il tamamlanacaq. İldə 10 milyon ton dizel yanacağı istehsalı gücünə malik “Star” neft emalı zavodunun gələn il istismara verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR-87 faiz, “Goldman Sachs”-13 faiz.