İQTİSADİYYAT
“Statistik potensialın gücləndirilməsi proqramı” çərçivəsində təlim kursu təşkil olunub
Bakı, 25 aprel, AZƏRTAC
Dövlət Statistika Komitəsində İqtisadi və Sosial Araşdırmalar və Tədris Mərkəzi (SESRIC) tərəfindən maliyyələşdirilən “Statistik potensialın gücləndirilməsi (StatCAB) proqramı” çərçivəsində topdan və pərakəndə ticarət statistikası üzrə təlim kursu keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, Türkiyə Statistika İnstitutunun (Türkstat) eksperti Abdullah Yüksəlin iştirakı ilə keçirilən təlimdə topdan və pərakəndə ticarətin statistik müşahidəsinə dair Türkstatın təcrübəsi öyrənilib, bu sahədə təsnifatların tətbiqi, indekslərin hesablanması, ilkin məlumatların əldə edilməsi, işlənilməsi və yayımlanmasına dair ətraflı məlumat verilib.
Təlim kursunda ticarət dövriyyəsinin hesablanması zamanı respondentlər tərəfindən təqdim edilmiş natamam (gizlədilmiş və ya azaldılmış) göstəricilərin bərpa edilməsi usulları, bu sahədə mövsümi tərəddüdlərin və təqvim effektlərinin hesablanması üzrə beynəlxalq təcrübəyə dair geniş müzakirələr aparılıb.