İQTİSADİYYAT
Statistika Komitəsinin nümayəndələri Romada beynəlxalq tədbirdə iştirak edirlər
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 12-15-də Romada Avropa Statistika Bürosunun (Avrostat) təşkilatçılığı ilə “Böyükhəcmli məlumatlar (Big Data) - təkmilləşdirilmiş kurs”u keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev, xidmət statistikası şöbəsinin müdiri Gülbala Quliyev, Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktor müavini Nail Mərdanov iştirak edirlər.
Komitədən AZƏRTAC-a bildirilib ki, kursun keçirilməsində əsas məqsəd iştirakçıları böyükhəcmli məlumatların konsepsiyaları, məlumatların rəsmi statistikada istifadəsi ilə bağlı zəruri statistik metod və alətlər, informasiya texnologiyaları vasitələri ilə tanış etməkdir. Tədbir çərçivəsində iştirakçılar informasiya texnologiyalarının yeni alət və üsullarından istifadə edərək rəsmi statistikada istifadə ediləcək böyükhəcmli məlumatları təhlil edirlər və rəsmi statistikada istifadə ediləcək real məlumatların əhatəsinin müəyyənləşdirilməsi sahəsində təcrübələrə yiyələnirlər.
Böyükhəcmli məlumatların mənbələri, rəsmi statistika üçün böyükhəcmli məlumatların dəyəri, beynəlxalq səviyyədə böyükhəcmli məlumatlara dair strategiyalar, proqramlar və rəsmi statistika üçün yeni yanaşmalar kursun əsas müzakirə mövzularıdır.