ELM VƏ TƏHSİL
“Statoil” şirkətinin nümayəndələri Xəzər Universitetində
Bakı, 28 noyabr, AZƏRTAC
“Statoil” şirkətinin nümayəndələri Xəzər Universitetində seminar keçirib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, seminarda bu özəl ali məktəbin neft mühəndisliyi departamentinin müdiri, dosent Qəşəm Zeynalov şirkət ilə departament arasında 2012-ci ildən uğurla davam edən əməkdaşlıqdan danışıb.
“Statoil” şirkətinin Azəri-Çiraq-Günəşli və Bakı-Tbilisi-Ceyhan layihələri üzrə meneceri Karsten Stoltenberq gil çöküntülərində toplanmış neft-qaz resurslarının çıxarılma texnologiyalarının inkişaf etdirilməsi ilə əlaqədar şirkətin verdiyi töhfələrdən söz açıb.
Sonra “Statoil” şirkətinin texniki meneceri Endre İvarrudun “Birləşmiş Ştatlarda gil inqilabı” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə gil çöküntülərində əmələ gəlmiş neft-qaz yığımlarının ilk dəfə ABŞ-da istismar olunması və bu qeyri-ənənəvi neft-qaz texnologiyasının sonralar daha da inkişaf etdirilməsi barədə məlumat verilib.
Seminarda geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.