DÜNYA
“Statoil” şirkətinin vaxtından əvvəl istefaya göndərilən əməkdaşları ilə bağlı iri məsrəflər Norveçdə qalmaqala səbəb olub
Stokholm, 28 mart, AZƏRTAC
Norveçin ən iri neft-qaz şirkəti olan “Statoil” son üç ildə istefaya göndərilmiş əməkdaşları ilə əlaqədar dörd milyard krondan (480 milyon dollardan) artıq vəsait xərcləyib. Bu barədə məlumat verən Norveç KİV-lərində vurğulanır ki, həmin müddətdə şirkət öz əməkdaşlarının beşdə bir hissəsini işdən azad edib.
Şirkətin mətbuat xidmətinin əməkdaşı Berd Qlad Pedersenin sözlərinə görə, təkcə 2016-cı ildə əməkdaşların vaxtından əvvəl pensiyaya çıxması və onlara işdənçıxma vəsaitləri ödənilməsi ilə əlaqədar 140 milyon dollar xərclənib. Belə halların təxminən 70 faizi əməkdaşların vaxtından əvvəl istefaya göndərilməsi ilə bağlı olub. Neft-qaz sahəsində böhran dövründə şirkətin bu cür israfçılıq etməsi anlaşılmazlıq doğurub və kəskin tənqid mövzusuna çevrilib.
Məsələn, jurnalistlər qeyd edirlər ki, norveçli məşhur sahibkar Stole Klyullinqstadın hesablamalarına görə, “Statoil” şirkəti işdənçıxma vəsaitlərinin ödənilməsi üçün hədsiz çox pul xərcləyir. Stole Klyullinqstad deyib: ““Statoil” şirkətinin belə israfçılıqları dövlət vəsaitinin talan edilməsinə gətirib çıxarır”.
Bununla əlaqədar, gəlirlərin azalması problemi ilə üzləşmiş şirkətin bütün sahələrdə yenidən təşkilatlanma aparmağa çağıran S. Klyullinqstad vurğulayıb: “Biz hər il 3,2 milyard dollara qənaət edə bilərik”.
Qeyd edək ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Norveçdə kəskin maliyyə problemləri yaranıb. Bu problemlərin həlli üçün uzun illər ərzində ilk dəfə əvvəlki illərdə gəlirlərin çox yüksək hesabına Dövlət Pensiya Fondunda yığılmış pulları sərf etmək qərara alınıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm