MƏDƏNİYYƏT
Stefan Engel: Azərbaycan “Eurovision-2012” mahnı müsabiqəsi ilə bütün dünyaya səs saldı VİDEO
Kopenhagen, 6 may (AZƏRTAC). Azərbaycan “Eurovision-2012” mahnı müsabiqəsi ilə bütün dünyaya səs saldı. Azərbaycanda keçirilmiş “Eurovision” mahnı müsabiqəsinin misilsiz şousu yaddaşımdan heç vaxt silinməyəcəkdir.
Bu fikirləri “Eurovision” mahnı müsabiqəsində iştirak etmək üçün Almaniyadan gəlmiş fan Stefan Engel AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləmişdir.
Stefan Engel Azərbaycan təmsilçilərinin Düsseldorfda və Malmödəki böyük uğurundan çox şad olduğunu vurğulamışdır. Almaniyalı qonaq artıq bir neçə il “Eurovision” mahnı müsabiqəsinə qatıldığını qeyd edərək demişdir: “Azərbaycandakı bütün dostlarımı salamlayıram. Bakı olduğum şəhərlərdən ən gözəli, Bakı şousu isə indiyədək müşahidə etdiyim yarışmalardan ən yaxşısıdır. Təbii ki, ölkənizdə müsabiqədən böyük həzz aldım. Əvvəlcə Avropadan, o cümlədən vətənim Almaniyadan bir az uzağa səfərə çıxmaq mənə çox maraqlı oldu. Azərbaycan yüksək səviyyədə müsabiqəyə ev sahibliyi etdi. Builki mahnınız çox güclüdür. Ölkənizin müsabiqədəki şansı yüksəkdir. Təbii ki, belə bir yarışmada əvvəlcədən nəsə demək çətindir. Azərbaycana uğurlar arzulayıram”.
Danimarkanın bu il müsabiqəyə ev sahibliyi ilə bağlı fikirlərini də bölüşən Stefan Engel ilk həftə müsabiqənin daha sönük keçdiyini, yarışma üçün tikilən arenanın şəhərdən kənarda olduğunu söyləmişdir.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen