MƏDƏNİYYƏT
Stokholmda Novruz bayramı qeyd olunub
Stokholm, 25 mart, Rauf Əliyev AZƏRTAC
İsveçdə fəaliyyət göstərən İsveç-Azərbaycan Dərnəyinin təşkilatçılığı və ölkəmizin krallıqdakı səfirliyinin dəstəyi ilə paytaxt Stokholmda Novruz bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə İsveçdəki Azərbaycan və türk diasporlarının, habelə yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşova iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, bu bayramın tarixindən danışıb. Novruzun özəlliklərindən söz açan diaspor fəalı bu bayramın ruzi bərəkət, dostluq, qardaşlıq və birlik rəmzi olduğunu bildirib.
Yeni yaradılan İsveç-Azərbaycan Dərnəyinin fəaliyyəti və məqsədləri barədə danışan Sevda Dadaşova təşkilatın gələcək planları barədə məlumat verib.
Azərbaycanın dövlət himni səsləndikdən sonra mərasim musiqi proqramı ilə davam edib. Tədbirdə iştirak etmək üçün Azərbaycandan gələn musiqiçilər Ülkər Şahbazova, Elçin Məmmədov, Elnur Muradov və başqaları sevilən mahnılarını ifa ediblər. Azərbaycanın milli rəqsləri tamaşaçıların böyük marağına səbəb olub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm