SİYASƏT


Stokholmda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Stokholm, 12 dekabr, AZƏRTAC

Azərbaycanın İsveçdəki səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Mərasimdə səfir Adış Məmmədov Ümummilli Liderin mənalı həyat yolu və zəngin siyasi fəaliyyəti barədə söz açıb.

Adış Məmmədov müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin formalaşması, Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsi və regionun iqtisadi-siyasi həyatında mühüm rol oynamasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu bildirən səfir bugünkü Azərbaycanın inkişaf strategiyasının əsasında da Heydər Əliyev ideyalarının dayandığını vurğulayıb.

Azərbaycanda tolerant bir mühitin formalaşmasında misilsiz xidmətləri olan Ulu Öndərin ölkəmizi etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hamının bərabər və xoşbəxt yaşaya biləcəyi bir məmləkətə çevirdiyini bildirən səfir bütün bunların Ulu Öndərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə nə qədər önəm verdiyinin göstərici olduğunu qeyd edib.

Adış Məmmədov deyib ki, Heydər Əliyevin ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə bütün sahələrdə köklü dəyişikliklər baş verir, Azərbaycan regionun güclü dövlətinə çevrilir. Azərbaycan xalqının dahi lider Heydər Əliyevin nurlu xatirəsini həmişə hörmətlə yad edəcəyini bildirən səfir Heydər Əliyev adının Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb.

Daha sonra İsveçdə yaşayan Azərbaycan diasporunun nümayəndələri Ulu Öndərin azərbaycançılıq ideyalarından danışaraq, xaricdə yaşayan azərbaycanlıların diaspor təşkilatlarının formalaşması, həmvətənlərimizin Azərbaycan və azərbaycançılıq naminə təşkilatlanmasında Ümummilli Liderin rolu barədə çıxış ediblər.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.