REGİONLAR
Stolüstü tennis muxtar respublikada sevilən idman növünə çevrilib
Naxçıvan, 29 iyul, AZƏRTAC
idmana maraq göstərənlərin sayı getdikcə artmaqdadır. Bu isə onların zərərli vərdişlərdən uzaq durması üçün vacib amillərdəndir.
Naxçıvanın şəhər və rayonlarında fəaliyyət göstərən idman bazaları bu sahənin kütləvi hal almasının göstəricisidir. İdman federasiyaları ilə yanaşı, muxtar respublikanın Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən idman bölmələri də regionda bu sahənin geniş vüsət almasına öz töhfəsini verməkdədir. Belə bölmələrdən biri də “Əlincə” stolüstü tennis idman klubudur. Artıq 3 ilə yaxındır ki, muxtar respublikada uşaq, yeniyetmə və gənclərə bu idmanın sirlərini öyrədən klubun 50-dən çox üzvü var. Məşq prosesləri Naxçıvan Üzgüçülük Mərkəzinin zalında aparılır və idmançılar yaşlarına, eyni zamanda, oyun təcrübələrinə görə məşqlərdə qrup halında iştirak edirlər.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin nəzdində olan tennis bölməsi lazımi idman avadanlıqları ilə təmin edilib. Üzgüçülük Mərkəzində yeni tennis stolları quraşdırılıb, bu idman növü ilə məşğul olmaq istəyənlər üçün hərtərəfli şərait yaradılıb. Mərkəzdə uşaqlara idmanın bu növünün sirlərini öyrədən məşqçi-müəllim Novruz Novruzov bizimlə söhbətində ilk olaraq stolüstü tennisin qaydaları barədə məlumat verdi: “Stolüstü tennis sürətli oyun olduğu üçün geniş zallarda keçirilir. Beynəlxalq turnirlərdə bu oyun 2 və ya 4 idmançı arasında oynanılır. Tennis stolunun arxasında olan idmançılar hər qazanılan xaldan sonra oyunu yenidən başlayırlar”.
“Həftənin 2, 4 və 6-cı günləri uşaqlara stolüstü tennisin qaydaları öyrədilir”, – deyən məşqçi-müəllim bu növə böyük maraq göstərildiyini bildirdi: “Bizim əsas məqsədimiz yerli idmançıları, idman mütəxəssislərini beynəlxalq stolüstü tennisin yeni qaydaları ilə tanış etmək, onların ixtisaslarını artırmaq və hazırlıq səviyyələrini müəyyənləşdirməkdir. Bunun üçün hər bir idman avadanlığı ilə təmin edilmişik. Üzərimizə düşən məsuliyyətli işin öhdəsindən gəlmək üçün böyük həvəslə çalışırıq. Nazirlik tərəfindən hər zaman bölməmizdəki idmançılara diqqət göstərilir. Çalışırıq ki, bu diqqəti qarşılıqsız qoymayaq və keçiriləcək ölkədaxili yarışlara idmançı hazırlayaq. Beynəlxalq tennis aləminə inteqrasiya olunmağın xüsusi önəm daşıdığını nəzərə alaraq deyə bilərəm ki, qarşıdakı illərdə naxçıvanlı tennisçilər böyük uğurlar əldə edəcəklər”.
Stolüstü tennis sağlamlıq baxımından digər idman növlərindən bir az fərqlənir. Bu növ daha çox diqqət və cəldlik tələb etdiyindən, idmançıların şüuruna bilavasitə təsir göstərir. Xüsusilə uşaqların bu növlə məşğul olmaları məsləhət görülür. Çünki stolüstü tennis oynayarkən əl ilə bərabər, topa gözlərinlə də diqqət etməlisən. Diqqətin yayınarsa, o zaman əlin köməyinə çatmaz. Stolüstü tennis başla düşünülüb əllə cəldlik tələb edən oyundur.
Ölkəmizdə idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini vurğulayan Novruz Novruzov muxtar respublikada beynəlxalq standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını, Naxçıvanın ən nüfuzlu idman tədbirlərinin keçirildiyi məkana çevrildiyini qeyd etdi. Məşqçi-müəllim son 3 ildə idmanın stolüstü tennis növünün inkişafını, idmançılarımızın qazandığı uğurları yaradılan şəraitlə əlaqələndirdi və buna görə minnətdarlığını bildirdi.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu