İDMAN
Stolüstü tennis üzrə Azərbaycan Kuboku yarışları başlayıb
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışlara start verilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, turnirin açılış mərasimində Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayıb. Ölkəmizdə beynəlxalq standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını deyən F.Məmmədov Azərbaycanın mötəbər yarışların keçirildiyi məkana çevrildiyini qeyd edib. O, son illərdə stolüstü tennisin inkişafı, idmançıların iştirak etdiyi turnirlər, qazandığı uğurlardan danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.
Mərasimdə bu ilin sentyabrında məktəblilərin Türkmənbaşı şəhərində keçirilmiş idman-mədəniyyət festivalı çərçivəsində təşkil olunmuş stolüstü tennis yarışlarında Ermənistan idmançısını böyük hesabla məğlub edərək bürünc medala layiq görülmüş tennisçimiz Mətin Həsənzadəyə diplom və mükafat təqdim olunub.
Dövlət himnimizin səsləndirilməsindən sonra stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışlara start verilib.
Beş gün davam edəcək yarış həm şəxsi, həm də komanda formatında beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir. Yarışın keçirilməsində məqsəd Avropa və dünya çempionatlarında iştirak edəcək yığma komanda üzvlərini formalaşdırmaq, eləcə də gənclərin stolüstü tennisə olan marağını artırmaqdır.
Kişi və qadın tennisçilərin iştirak etdiyi yarış oktyabrın 22-də başa çatacaq və qaliblərə kubok, diplom və hədiyyələr təqdim ediləcək.