İQTİSADİYYAT
Strateji Yol Xəritəsi: Aqrar sığorta fondunun yaradılması imkanları araşdırılacaq
Bakı, 16 dekabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası və Kənd Təsərrüfatı Nazirliyi özəl sığorta şirkətlərinin də iştirakı ilə aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi məqsədilə sığorta fondunun yaradılması imkanlarını araşdıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Sənəddə qeyd edilir ki, bu sahədə beynəlxalq təcrübə öyrəniləcək və fondun istehsalçıların sığortalanmasına və ümumilikdə aqrar sahənin inkişafına potensial təsirləri təhlil edilməklə hesabatlar hazırlanacaq.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyəti orqanlarla birlikdə aqrar sahədə sığorta sistemi ilə bağlı beynəlxalq təcrübəyə əsasən mövcud qanunvericilikdə təkmilləşdirmələrin aparılması üzrə təkliflər hazırlanacaq. Belə təkliflərə aqrar sahədə diferensial yanaşmalı sığorta sisteminin tətbiqi (regionlar və məhsullar üzrə), icbari sığortanın tətbiqi (bəzi məhsullar üzrə) və sair aid edilə bilər.
Kənd Təsərrüfatı Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkədə kənd təsərrüfatı sahəsi üzrə sığorta risklərinin effektiv şəkildə qiymətləndirilməsi üçün iqlim məlumatları və təbii fəlakətlər, heyvan və bitki xəstəlikləri, habelə məhsuldarlıq göstəriciləri üzrə uzunmüddətli dövr üçün informasiya bazası yaradacaq. Kənd Təsərrüfatı Nazirliyi Maliyyə Nazirliyi ilə birgə bitkiçilikdə karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, oxşar olaraq heyvanların karantin xəstəliklərinin ləğvi, profilaktikası və qarşısının alınması ilə əlaqədar zərər çəkmiş kənd təsərrüfatı məhsulları istehsalçılarına dəymiş maddi zərərin ödənilməsi ilə bağlı icra mexanizmi hazırlayacaq.