İQTİSADİYYAT


Strateji Yol Xəritəsi: Banklarda risklərin idarə edilməsinin təkmilləşdirilməsi üçün cari vəziyyətin diaqnostikası aparılacaq

Bakı, 15 dekabr, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) banklarda risklərin idarə edilməsinin təkmilləşdirilməsi üçün cari vəziyyətin diaqnostikasını aparacaq və Bazel II/lll prinsipləri ilə müqayisə edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"də bildirilir.

Diaqnostika əsasında MBNP təkmilləşdirmə istiqamətlərini müəyyən edərək prioritetləşdirəcək və istinad ediləcək müvafiq təcrübələri dəqiqləşdirəcək. Eyni zamanda, korporativ idarəetmənin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək.

Növbəti mərhələdə MBNP bank sektoru üçün Bazel II standartının 2-ci sütununun tam tətbiqi üçün aydın müddət qrafikini və dəqiq son tarixləri müəyyən edəcək, bu istiqamətdə zəruri qaydalar və metodologiyalar hazırlayacaq. Eyni zamanda, bazar və əməliyyat risklərinə dair prudensial tənzimləmə mexanizmi formalaşdırılacaq, həmçinin bazar risklərinin kapital ilə əhatə olunması qaydası müəyyən ediləcək. Bank nümayəndələri üçün təqdimatlar keçiriləcək.

Bazel standartlarına keçid çərçivəsində sistem əhəmiyyətli banklar üçün diferensial tənzimləmə mexanizminin tətbiqi ilə bağlı prudensial tələblərə dəyişikliklər nəzərdən keçiriləcək.

Banklarda sağlam risk idarəetmə təcrübələrinin tətbiq edilməsinin 2020-ci ildə real ümumi daxili məhsula (ÜDM) təsiri 205 milyon manat birbaşa və 30 milyon manat dolayı olmaqla, ümumilikdə 235 milyon manat həcmində qiymətləndirilir. Məşğulluq üzrə əhəmiyyətli dəyişikliklər gözlənilmir.

Maliyyə dərinliyinin (cari kreditlərin qeyri-neft ÜDM-ə nisbəti) 60 faiz təşkil etməsi və QİK əmsalının mövcud 14 faizdən 8 faizədək endirilməsi hədəflənir. Bu prioritetin həyata keçirilməsi üçün əhəmiyyətli investisiya qoyuluşu tələb olunmur.

Prioritet çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olmaqda əsas risklərə bankların yeni prudensial tələblərin tətbiqinə hazır olmaması, yeni tələblərə uyğunlaşmaq üçün tələb olunan investisiya qoyuluşunu təmin etmək potensialının aşağı olması, yeni prudensial çərçivənin qısamüddətli dövr üçün bankların mənfəətliliyinə və kapital mövqeyinə neqativ təsir etməsi kimi amillər aid edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.