İQTİSADİYYAT


Strateji Yol Xəritəsi: İxtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçiriləcək

Bakı, 11 yanvar, AZƏRTAC

Müflisləşmə hallarında kredit ödənişləri səviyyəsinin yaxşılaşdırılması məqsədilə Azərbaycanda hüquqi prosedurların və qurumların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Kiçik və orta sahibkarlıq subyektlərinin müflisləşməsi məsələlərinə məhkəmə baxışını sürətləndirmək məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçiriləcək. Bu orqan kiçik və orta sahibkarlıq subyektləri, banklar və digər kreditorlar arasında iflas məsələlərini də həll edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Sənəddə deyilir ki, bu məqsədlər üçün müvafiq orqanlara kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyət qabiliyyətini qiymətləndirmək, tərəflər arasında müzakirə və danışıqları təşkil etmək, borcların restrukturizasiyasında kömək etmək, fəaliyyət qabiliyyəti olmayan təsərrüfat subyektlərinin ləğvi və belə subyektlərə iddianın yönəldilməsi üzrə prosedurları sürətlə icra etmək hüquqları veriləcək.

Bu ixtisaslaşmış qurumlar mövcud arbitraj məhkəmələrinin (təsərrüfat məsələləri üzrə məhkəmə) bir şöbəsi kimi təşkil oluna və müflisləşmə halları üzrə təcrübə qazanmış hakimlərdən ibarət ola bilər. Belə məhkəmələrin əsas fəaliyyəti, ilk növbədə, fəaliyyət qabiliyyətli təsərrüfat subyektləri üçün əvvəlcədən müəyyənləşdirilmiş bərpa və restrukturizasiya sxemləri təklif etməkdən ibarət olacaq. Problemin bu formada həllinə qərar verilməsinin səbəbi çoxsaylı məhkəmə işləri ilə məhkəmələrin yüklənməsinin qarşısını almaqdır. İxtisaslaşmış məhkəmələrdən, habelə fəaliyyət qabiliyyəti olmayan kiçik və orta sahibkarlıq subyektlərinin cəld və səmərəli ləğvini təmin etmək üçün sadə və qısa prosedurlardan istifadə ediləcək. Həm debitorlar, həm də kreditorlar problemin həlli ilə bağlı ixtisaslaşmış məhkəmələrdə iddia qaldıra bilər və belə hallarda məhkəmələrin reabilitasiya prosesi və kredit ödənişinin restrukturizasiyası üzrə icraçı, müvəkkil şəxs və inzibatçı təyin etmək səlahiyyəti olacaq.

Qeyd olunan sektorda şirkətlərin sayına münasibətdə ən böyük müflisləşmə göstəricilərinə malik sahələr müəyyən ediləcək və problemlərin səbəbləri aydınlaşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.