İQTİSADİYYAT
Strateji Yol Xəritəsi: MBNP və Mərkəzi Bank banklararası pul bazarının inkişafı üzrə fəaliyyətlərini əlaqələndirəcək
Bakı, 16 dekabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Mərkəzi Bankı (AMB) banklararası pul bazarının inkişafı üzrə fəaliyyətlərini əlaqələndirəcəklər. Banklararası əməliyyatların vahid ticarət platformasında aparılması üzrə təşviqedici tədbirlər müəyyən ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə bildirilir.
AMB açıq bazar əməliyyatlarında təminat kimi qəbul edilə bilən qiymətli kağızların spektrinin daha da genişləndirilməsi imkanlarını nəzərdən keçirəcək və tədbirlər müəyyən edəcək.
Mərkəzi Bank MBNP ilə birlikdə marketmeyker institutunun tətbiqi imkanlarını qiymətləndirəcək. Marketmeyker institutunun yaradılması məqsədəuyğun hesab edilərsə, AMB marketmeykerlərin seçim meyarlarını (aktivlərin həcmi, sistem əhəmiyyətliliyi, təcrübəli heyət, müasir texnologiyaya çıxış, maliyyə dayanıqlılığı və s.), tələb və imtiyazlarını MBNP ilə birlikdə müəyyən edəcək.
Banklararası pul bazarında əməliyyatların həcmi artacaq ki, bu da maliyyə bazarlarının likvidliyinə, maliyyə institutlarının likvidlik idarəetməsinə və səmərəliliyinə müsbət təsir edəcək. Təkmil banklararası pul bazarı, eyni zamanda, pul siyasətinin hədəflərinə açıq bazar əməliyyatları vasitəsilə çatmağa imkan yaradacaq. Bu prioritetin 2020-ci ildə real ümumi daxili məhsula (ÜDM) və məşğulluğa birbaşa təsiri gözlənilmir.