REGİONLAR


Strateji yol xəritələri Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edəcək

Mingəçevir, 13 may, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında ”2016-cı il 16 mart tarixli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 Strateji Yol Xəritəsi hazırlanıb. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Mingəçevir Dövlət Universitetində keçirilən “Milli iqtisadiyyat və ayrı-ayrı sektorlar üzrə Strateji Yol Xəritəsi: reallıqlar və hədəflər” mövzusunda elmi konfransda danışılıb. Konfransın keçirilməsində məqsəd milli iqtisadiyyatın dayanıqlı, rəqabətqabiliyyətli inkişafını əks etdirən strateji hədəflər və prioritetlər əsasında müzakirələr aparmaq, professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar tərəfindən müzakirəyə çıxarılan problemlərin araşdırılması, mülahizələrin irəli sürülməsi və geniş maarifləndirmə işinin aparılmasıdır.

Konfransın plenar iclasında çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev qeyd edib ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin edəcək. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycan dünya iqtisadiyyatında mövqeyini gücləndirəcək və yüksək gəlirli ölkələr qrupuna daxil olacaq.

Akif Hacıyev bildirib ki, Strateji Yol Xəritəsi təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın hərtərəfli diaqnostikasını və mövcud vəziyyətin GZİT təhlilini, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir. Qısamüddətli dövrdə seçilmiş prioritetləri əsas götürməklə, orta və uzunmüddətli dövrlərdə iqtisadi inkişafın bünövrəsi qoyulacaq. Strateji Yol Xəritəsi iqtisadi inkişafa töhfə verən bütün amilləri, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin əməkdaşlığı üçün yeni imkanlar təmin edəcək. Dövlət investisiyaları katalizator rolunu oynayacaq, iqtisadi inkişafın lokomotivi isə özəl sektor olacaq.

Sonra plenar iclasda məruzələr dinlənilib.

Konfransın “İstehsalın iqtisadiyyatı” və “Xidmət və sosial infrastruktur” bölmələrinin iclaslarında isə 17 mövzu üzrə təqdim edilmiş məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.