ELM VƏ TƏHSİL
Strateji yol xəritələrində Azərbaycanın perspektivli və potensial üstün sahələri müəyyənləşdirilib
Bakı, 13 may, AZƏRTAC
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritə”lərində Azərbaycanın perspektivli və potensial üstün sahələri müəyyənləşdirilib, 2025-ci il və sonrakı dövr üçün görüləcək tədbirlərin yol xəritəsi göstərilib. Orta və uzunmüddətli dövrləri əhatə edən sənədlər iqtisadi inkişafa töhfə verən bütün amilləri, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün imkanlarının təmininə yönəlib. Belə ki, dövlət investisiyaları katalizator rolunu oynayacaq, iqtisadi inkişafın lokomotivini isə özəl sektor təşkil edəcək.
Bunu AZƏRTAC-a İqtisadiyyat İnstitutu direktorunun elmi işlər üzrə müavini Allahyar Muradov deyib.
Bildirilib ki, sənəddə nəzərdə tutulan layihələrin həyata keçirilməsindən əvvəl texniki-iqtisadi əsaslandırılma aparılacaq və hər bir təşəbbüs üzrə müvafiq dövlət qurumları cavabdehlik daşıyacaq. A.Muradov deyib: “Sənəddə hədəf indikatorları, strateji məqsədlər və strateji prioritetlər yer alır. 2025-ci ilədək ÜDM-də üç faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur”.