REGİONLAR
Strateji yol xəritələrinin Kənd Təsərrüfatı Nazirliyi üzrə icrası ilə bağlı Tədbirlər Planı təsdiqlənib
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə ölkədə dayanıqlı inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılmasını təmin etmək məqsədilə konkret hədəflər, o cümlədən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə 9 strateji hədəf və 36 prioritet istiqamət müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi üzrə hədəfləri və prioritet istiqamətləri əhatə edən 177 tədbir nəzərdə tutulur. Tədbirlərin 169-u bilavasitə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra olunmalı və ya onun iştirakı ilə həyata keçirilməlidir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində nəzərdə tutulan tədbirlər üzrə əlaqələndirici funksiyaları Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin Kənd Təsərrüfatı Nazirliyi üzrə icrasını təmin etmək məqsədilə kənd təsərrüfatı naziri Heydər Əsədovun müvafiq əmri ilə Tədbirlər Planı təsdiqlənib. Tədbirlər Planında nəzərdə tutulan işlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsi və bu sahədə ortaya çıxan problemlərin aradan qaldırılmasına kömək göstərilməsi məqsədilə işçi qrupu yaradılacaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı əsas götürülməklə Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların strateji inkişaf planlarının layihələri, habelə strateji yol xəritələrinin icra vəziyyətinə dair monitorinqin aparılması üçün qiymətləndirmə meyarlarının (indikatorların) müəyyən edilməsi ilə bağlı təkliflər hazırlanacaq.