REGİONLAR
Strateji yol xəritəsi Şamaxıda ictimai müzakirəyə çıxarılıb
Bakı, 25 iyun, AZƏRTAC
"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin ictimai müzakirələri davam edir. Bu silsilədən növbəti tədbir iyunun 25-də Şamaxı şəhərində Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan Şamaxı, Ağsu və İsmayıllı rayonlarının nümayəndələrinin iştirakı ilə keçirilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a verilən məlumatda bildirilir.
Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Respublikasının Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov və Mərkəzi Bankın idarə heyətinin sədrinin birinci müavini Alim Quliyev məruzə ilə çıxış ediblər. 300 nəfərdən ibarət ictimaiyyət nümayəndəsi, o cümlədən bölgənin ziyalılarının və sahibkarlarının iştirak etdikləri tədbirdə xüsusilə də Dağlıq Şirvan iqtisadi rayonu üçün xarakterik olan iqtisadi inkişafa dair təkliflərin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində əksini tapması üçün təkliflər səsləndirilib. Bölgə ziyalıları qeyd ediblər ki, iqtisadiyyat üçün əsas yol xəritəsinin müzakirəsində bütün tərəflərin iştirakı təqdirəlayiq haldır.
Tədbiri Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi birlikdə təşkil edib. Növbəti belə tədbir iyulun 2-də İmişli şəhərində Aran iqtisadi zonasına daxil olan rayonların nümayəndələrinin iştirakı ilə keçiriləcək.