MƏDƏNİYYƏT
Street Food Festival bizim milli mətbəximizi bütün dünyadan gəlmiş turistlərə nümayiş etdirmək üçün əla imkandır
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da İçərişəhərdə Azərbaycanda ilk Baku Street Food Festival (Küçə Yeməyi Festivalı) açılıb. Mayın 21-dək davam edəcək bu festival üçün sahəsi 550 kvadratmetr olan əraziyə qazon döşənilib. Burada müxtəlif konsepsiyalı çoxlu stendlər nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, festivalın təşkilatçıları “404-Found” kreativ agentliyi, Azərbaycanda ilk kulinar platforması olan “Meal for Real”, müstəqil məsləhətçi Fərhad Paşayev və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsidir.
Festivalın təşkilatçılarından biri - Aylin Seyidova müxbirimizin bu tədbirin məqsədi barədə sualını belə cavablandırıb: “Festival bizim milli mətbəximizi təbliğ etmək məqsədilə təşkil olunub. Axı İslam Həmrəyliyi Oyunları və “Formula-1” yarışları ilə əlaqədar, hazırda ölkəmizə çox güclü turist axını var. İstəyirik ki, turistlər bizim məhsullar barədə maksimum məlumat əldə etsinlər və milli yeməklərimizin dadına baxa bilsinlər. Bu, Milli mətbəximizi bütün dünyadan gəlmiş turistlərə nümayiş etdirmək üçün əla imkandır. Biz həm də istəyirik ki, yerli sakinlər dünya mətbəxinin bəzi yenilikləri ilə tanış olsunlar. Axı, adamların çoxunun dünya mətbəxi barədə məlumatı yoxdur, ya da düşünürlər ki, həmin nümunələr çox bahadır. Məhz bu səbəbdən biz başqa vaxtda bəzi insanlar üçün əlçatmaz ola biləcək minimal qiymətli və unikal reseptlərlə işləyən restoranları bir məkanda toplamışıq”.
Üç gün davam edəcək festival müddətində əyləncə proqramları və kulinariyaya həsr edilmiş ustad dərsləri keçirilməsi də nəzərdə tutulur. Tədbirin təşkilatçıları qeyd ediblər ki, festival çərçivəsində müxtəlif aksiyalar və müsabiqələr də təşkil olunacaq.