CƏMİYYƏT


Stresslə mübarizə üsulları

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Yəqin ki, hər bir insan ömründə azı bir dəfə emosional stress vəziyyətində olub. Stressə məruz qalmaq nevrozların və ya depressiya vəziyyətinin inkişafı ilə nəticələnə bilər. Vaxtaşırı yaranan stressi xroniki xəstəlik forması hesab etmək olar. Buna görə də fəsadlar yaranmasının qarşısını almaq üçün onu müvafiq dərmanların köməyi ilə müalicə etmək lazımdır.

AZƏRTAC healthvesti.com saytına istinadla bildirir ki, stress halları tək-tək baş verirsə, ondan xilas olmaq üçün dərman vasitələrindən fərqli üsullardan istifadə etmək olar. Orqanizmin müdafiə qüvvəsini artırmaq, sinir sistemini möhkəmlətmək və tonusu yüksəltmək üçün mütəmadi olaraq parkda gəzişmək, səhər gimnastikası ilə məşğul olmaq, velosiped sürmək məsləhətdir. Bu cür fəal istirahətdən sonra yaxşıca yatmaq lazımdır.

Rasional qidalanma insanın xoş əhvalını təmin edir, orqanizmin stressə qarşı davamlılığını artırır. Təzə meyvə və tərəvəzə, vitaminlər və faydalı elementlərlə zəngin qida məhsullarına üstünlük vermək, spirtli içkilərdən və zərərli yeməklərdən imtina etmək, kifayət qədər maye qəbul etmək, hərdənbir şokolad, dondurma və digər şirin məhsullardan istifadə etməklə öz əhvalını yüksəltmək vacibdir. Bu qaydalara riayət edilməsi stressdən etibarlı müdafiə olunmağı təmin edir.

Sevimli işlə məşğul olmaq həmişə neqativ emosiyalardan yaxa qurtarmağa kömək edir. Rəsm çəkmək, mahnı oxumaq, kulinariya ilə, digər yaradıcılıq növləri ilə məşğul olmaq, habelə otaq bitkilərinə və ya ev heyvanlarına qulluq etmək stresslə mübarizəyə kömək edən əla vasitələrdir.

Stressi aradan qaldırmaq üçün psixoloqla və ya yaxın dostunuzla söhbət edin. Bu cür ünsiyyət insanın psixoloji problemlərini anlamağa, ona əziyyət verən suallara cavab tapmağa kömək edir. Doğma və yaxın insanlarla görüşlər əhvalınızı xeyli yaxşılaşdıra bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.