CƏMİYYƏT
Su polisi əməkdaşları uğurlu əməliyyat keçiriblər
Bakı, 20 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə Mingəçevir şəhəri ərazisində bir nəfərin narkotik vasitə satmağa çalışması barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu dərhal Kür çayının Mingəçevirdən keçən hissəsinin sahilində quraşdırılan yanalma körpüsünə yollanıb.
Əlində idman çantası ilə skamyalardan birinə yaxınlaşan şəxsin hərəkətləri şübhə doğurduğundan o, polis əməkdaşları tərəfindən saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilib.
Araşdırmalar nəticəsində saxlanılan şəxsin Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Tariyel Abdulkərimov olduğu müəyyən edilib.
Üzərinə baxış keçirilərkən ona məxsus idman çantasından külli miqdarda marixuana aşkar edilərək götürülüb. Ekspertiza həmin narkotik vasitənin ümumi çəkisi 4 kiloqram 600 qram qurudulmuş marixuana olması barədə rəy verib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri aparılır.