İDMAN
Su polosu yarışlarının üçüncü günündə Səudiyyə Ərəbistanı və Türkiyə milliləri qalib gəliblər
Bakı, 15 may, P.İmanova, N.Həsənzadə, AZƏRTAC
Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarının su polosu yarışlarının üçüncü günündə iki qarşılaşma oynanılıb.
AZƏRTAC xəbər verir ki, günün birinci oyununda Səudiyyə Ərəbistanı ilə İndoneziya milliləri üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən görüş Səudiyyə Ərəbistanı komandasının üstünlüyü ilə başa çatıb – 12:6.
Günün ikinci yarısında Azərbaycan və Türkiyə milliləri qarşılaşıblar. Görüşdə üstün oyun nümayiş etdirən qardaş ölkə təmsilçiləri böyük hesabla qalib gəliblər - 18:2.
Bu, su polosu yarışında Türkiyə millisinin ikinci qələbəsi olub. Türkiyəli idmançılar ilk oyunda İndoneziya yığmasına 21:4 hesabı ilə qalib gəliblər.
Azərbaycan millisi isə qrup mərhələsində keçirdiyi üç görüşdə ikinci dəfə uğursuzluqla üzləşib. İlk görüşdə İrana 10:16 hesabı ilə uduzan milli komandamız ikinci görüşdə İndoneziyanı 9:7 hesabı ilə məğlub etmişdi.
Mayın 16-da İndoneziya-İran və Türkiyə-Səudiyyə Ərəbistanı görüşləri keçiriləcək.
Su polosu yarışlarına mayın 17-də yekun vurulacaq.