İQTİSADİYYAT
Süleyman Rüstəm küçəsinin Koveroçkin və Füzuli küçələri arasında yerləşən hissəsinin təmiri başa çatıb VİDEO
Bakı, 14 iyul, AZƏRTAC
Nəsimi rayonunun Süleyman Rüstəm küçəsinin Koveroçkin (ABŞ səfirliyinin arxası) və Füzuli küçələri arasında yerləşən hissəsinin təmiri başa çatıb.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib. Təmir-bərpa işlərinin aparıldığı hissənin uzunluğu 950 metr, eni isə 9 metrdir. Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün dağılmış və qabarmış hissələri frezlənərək ərazidən daşınıb və 9 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Zəruri olan yerlərdə piyada səkiləri bərpa olunaraq asfaltlanıb, kənarlarına 1800 poqonmetr yeni səki daşı düzülüb.
Eyni zamanda, mövcud yeraltı komunikasiya xətləri yenilənib, ehtiyac olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb, kommunikasiya xətləri yenisi ilə əvəzlənib, həmçinin yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqlıqları dəyişdirilib.
Avtonəqliyyat vasitələrinin və piyadaların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, piyada zolaqları salınıb, üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.