REGİONLAR
“Sülh aylığı” çərçivəsində Zaqatalada silsilə tədbirlər keçirilir
Zaqatala, 6 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikir 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə elan edilən “Sülh aylığı” çərçivəsində sentyabrın 6-da Zaqatalada keçirilən “Qoy həmişə sülh olsun!” adlı tədbirdə səsləndirilib.
Heydər Əliyev Mərkəzi və Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin ekspozisiya zalında qoyulmuş büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları dahi rəhbərin həyat və fəaliyyətinə aid ekspozisiya ilə tanış olublar.
Tədbirdə vurğulanıb ki, hər il Beynəlxalq Sülh Günü ərəfəsində - avqustun 21-dən sentyabrın 21-dək respublikamızda “Sülh aylığı” elan edilir. 1982-ci ildən bəri bütün dünyada “Sülh günü” kimi qeyd olunan təqvimin yaranma səbəbi sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması, bəşəriyyətin daim sülh içərisində yaşama arzusudur.
Bildirilib ki, “Sülh aylığı”nın əsas məqsədi insan hüquqlarından ən önəmlisinin yaşamaq hüququ olduğunu, bu hüququn isə yalnız sülh, sabitlik və dinc yaşamaq şəraitində təmin edilməsinin mümkünlüyünü insanların diqqətinə çatdırmaqdan, onları buna cəlb etməkdən ibarətdir.
Vurğulanıb ki, dünyanın ən tolerant ölkələrindən olan Azərbaycan vətəndaşlarının da, xalqımızın da ən böyük arzu və istəyi sülh və əmin-amanlıq şəraitində yaşamaqdır.