CƏMİYYƏT


“Sülh və təhlükəsiz əmək - insan həyatına təminatdır” mövzusunda seminar keçirilib

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Nərimanov, Nəsimi və Səbail rayonları üzrə Dövlət Əmək Müfəttişlikləri tərəfindən Odlar Yurdu Universiteti ilə birgə “Sülh aylığı” çərçivəsində “Sülh və təhlükəsiz əmək - insan həyatına təminatdır” mövzusunda seminar keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, universitetin elmi heyəti və tələbələrinin, ayrı-ayrı işəgötürənlərin də iştirak etdiyi tədbirdə BMT tərəfindən 21 sentyabr - Beynəlxalq Sülh gününün təsis olunması tarixindən, onun önəmindən bəhs olunub.

Bildirilib ki, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal altında saxlanılan, bu səbəbdən bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan buna baxmayaraq daim sülhün fəal tərəfdarı kimi çıxış edir, regionda və dünyada sülh və təhülkəsizliyin bərqərar olmasına öz töhfələrini verir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində sabitlik və inkişaf məkanı olan Azərbaycan eyni zamanda hər bir vətəndaşın sülh və əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşadığı bir ölkədir.

Hər il Beynəlxalq Sülh günü ilə əlaqədar Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə “Sülh aylığı” keçirilir. Həmin aylıq çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də aidiyyəti üzrə tədbirlər təşkil olunur. Hazırda keçirilən seminarda da məqsəd sülh şəraitində əməyin təhlükəsizliyinin təminatı, bu sahədə hüquqlar sistemi ilə bağlı təbliğat və maarifləndirmənin həyata keçirilməsidir.

Qeyd olunub ki, Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada hər il istehsalatla əlaqəli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində təxminən 2 milyon 340 min nəfər həlak olur, 160 milyondan çox insan xəsarət alır və peşə xəstəliyinə düçar olur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq hələ 1995-ci ildə referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 35-ci maddəsində hər kəsin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququ əksini tapıb. 1999-cu ildə MDB-də ilk dəfə olaraq Azərbaycanda qəbul edilən Əmək Məcəlləsində əməyin mühafizəsi norma, qayda və prinsipləri, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələləri əhatə olunub. Ötən dövrdə ölkəmiz BƏT-in əsas işçi hüquqları ilə bağlı 57 konvensiyasını, o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair 21 konvensiyasını ratifikasiya edib.

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biri də hər bir vətəndaşın layiqli, sağlam və təhlükəsiz iş yeri ilə təmin olunmasıdır. Bu siyasətə uyğun olaraq, ölkəmizdə işçilər üçün sağlam və normal əmək şəraitinin yaradılması, əməyin mühafizəsinin və texniki təhlükəsizliyin təmin edilməsi, istehsalatda əmək xəsarətlərinin və peşə xəstəliklərinin qarşısının alınması yönündə fəal və məqsədyönlü işlər aparılır.

Son illərdə əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsi tələblərinə əməl olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən işəgötürənlər arasında məlumatlandırma tədbirlərindən də bəhs olunub. Diqqətə çatdırılıb ki, belə məlumatlandırma tədbirləri nəticəsində 2015-ci ildə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında əvvəlki 2014-cü illə müqayisədə 33,7 faiz, eləcə də istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində ölənlərin sayında 45,5 faiz, xəsarət alanların sayında isə 40 faiz azalma özünü göstərib. Cari ildə də bu yöndə işlər davam etdirilir.

Seminarda əməyin mühafizəsi, bu sahədə tənzimləyici normativ-hüquqi aktlar, istehsal qəzası riski yüksək olan müəssisələrdə, belə qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər barədə ətraflı məlumatlandırılıb. Tədbir iştirakçılarının iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı sualları da ətraflı cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.