DÜNYA


Şults yoxsa Merkel? Almanlar yeni kansler seçəcəklər

Berlin, 12 iyun, AZƏRTAC

Sentyabr ayında AFR kansleri vəzifəsinə seçkilər keçiriləcək. Həmin seçkilərdə indiki kansler Angela Merkelin əsas rəqibi Almaniya Sosial Demokrat Partiyasından (ASDP) namizəd Martin Şults olacaq. Şərhçilər qeyd edirlər ki, daxili siyasət aləmində Şultsun təcrübəsi o qədər də çox deyil. Şults 1980-1990-cı illərdə Qərbi Almaniyanın kiçik Vyurzelen şəhərinin burqomistri olub, 90-cı illərin ortalarından etibarən ümumavropa səviyyəsində çalışıb. Hələ 70-ci illərin ortalarında ASDP üzvlüyünə daxil olmuş Şults 2000-ci ilin ortalarında Avropa Parlamentində sosial-demokrat fraksiyasına başçılıq edib, 2012-ci ildə Avropa Parlamentinin sədri seçilib, 2014-cü ildə isə Avropa Komissiyasının rəhbəri vəzifəsinə sosial-demokratların namizədi olub. Öz ambisiyalarını gizlətməyən Şults bir dəfə ZDF telekanalının efirində deyib: “Bizə cəsarətli adamlar lazımdır. İcazənizlə deyim ki, belə adamlardan biri sizin qarşınızda əyləşib”.

61 yaşlı sosial-demokratın Almaniya siyasətinə qayıtması müəyyən mənada siyasi karyerasına yenidən başlamaq deməkdir.

Şults həmişə özünü Avropa İttifaqının quruluşunun mürəkkəb olması səbəbindən ona bel bağlamayan adi vətəndaşların mənafelərinin müdafiəçisi hesab edib. Şults həmişə Avropa İttifaqı barədə bu cür fikirlərə qarşı mübarizə aparmağa çalışıb. Hərçənd, sıravi vətəndaşların müdafiəçisi rolu onun Avropa Parlamentinin rəhbəri kimi sanballı əlavə məvacib almasına mane olmayıb. O, yalnız 2014-cü ildə Avropa Komissiyasının sədri vəzifəsinə seçki kampaniyasının gedişində ona ünvanlanmış şiddətli tənqiddən sonra əlavə ödənişlərdən imtina edib.

Şults cavanlığında peşəkar futbolçu olmağı arzu edirdi, lakin dizinin zədələnməsi bu planları pozur. 24 yaşlı gənc Şults spirtli içkilərə meyl etməyə başlayır. Az sonra onun bu meyli alkoqolizm həddinə çatır və müəyyən anlarda o hətta intihar etmək fikrinə düşür. Gələcəyin uğurlu siyasətçisinin normal həyata qayıtması, çox cəhətdən, onun doğma qardaşı, həkim Ervinin sayəsində mümkün olub.

Martin Şults kitab alveri ilə pul qazanmağa başlayıb. O, heç vaxt universitetdə təhsil almayıb, lakin indi daim mütaliə edir, bəzən eyni vaxtda üç kitab oxuyur. Nəhayət, siyasətlə məşğul olmağa başlayan Şults uğurlu karyera qurub. Bu gün o vaxtilə alkoqol asılılığından əziyyət çəkməsini, lakin ona üstün gəlməyi bacarmasını açıq etiraf edir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.