REGİONLAR


Sulu qəlyandan istifadə xəstəlik və ölüm riskini artırır

Gəncə, 23 may, Rauf Hacıyev, AZƏRTAC

Sulu qəlyandan və mentollu siqaretlərdən istifadə gənclər arasında xəstəlik və ölüm riskini artırır.

Gənc nəslin fiziki və mənəvi baxımdan sağlam olması dövlət gənclər siyasətinin qarşısında duran əsas məqsədlərdəndir. Səhiyyə Nazirliyi də gəncləri onların sağlamlığına zərər vura biləcək təhlükələr barəsində xəbərdar edir və gələcək nəslin mənəvi-fiziki inkişafı üçün müxtəlif tədbirlər həyata keçirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova AZƏRTAC-a bildirib ki, hazırda bəzi istirahət məkanlarında bir çox gənclər öz sağlamlıqlarını təhlükə altında qoyaraq sulu qəlyandan istifadə edirlər: “Gənclər arasında qəlyanın təhlükəsiz tütünçəkmə üsulu olması barədə yanlış düşüncə formalaşıb. Adi siqaretə nisbətən qəlyan çəkdikdə insan orqanizmi daha çox kanserogen maddə qəbul edir və onun qanında dəm qazı 4 dəfə çox olur. Qəlyan tüstüsündəki zərərli, o cümlədən kanserogen maddələr adi siqaret çəkən insanlarda yaranan xəstəliklərə gətirib çıxarır”.

Sulu qəlyanla yanaşı bir sıra ətirli siqaretlərin də insan orqanizminə mənfi təsirindən danışan L.Bayramova qeyd edib ki, bəzi adamlar nanəli və yanlış olaraq “yüngül” adlandırılan digər siqaretlər çəkirlər. Lakin tibbi araşdırmalar göstərir ki, bu cür siqaretlərin zərəri adi siqaretdən daha çoxdur. Həmin siqaretlər sərinləşdirici təsirə malik olduğu üçün insanlar tüstünü ağ ciyərlərində daha çox saxlayırlar. Bu isə insanların sağlamlığı üçün adi siqaretin təsirindən də böyük təhlükə yaradır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.