İQTİSADİYYAT
Sulutəpə qəsəbəsində yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb
Bakı, 11 iyul, AZƏRTAC
Bakı-Şamaxı avtomobil yolunun 12,8-ci kilometrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC–nin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, dəmir-beton özül dayaqları üzərində qurulan metal konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edir. Pilləkən hissələri də daxil olmaqla, qalereyasının ümumi uzunluğu 64,75 metr, eni isə 3 metrdir. Keçidin yol səthindən hündürlüyü 5,5 metrdir.
Keçidin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb, sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılıb, lazımi yol nişanları quraşdırılıb.
Qeyd olunub ki, metal konstruksiyalı piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətinə şərait yaradılıb.
Piyada keçidi Azərbaycan Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən inşa olunub.