İQTİSADİYYAT
Sulutəpə qəsəbəsində yerüstü piyada keçidi inşa olunur VİDEO
Bakı, 14 dekabr, AZƏRTAC
Bakı-Şamaxı avtomobil yolunun 12,8-ci kilometrində Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası işlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-a tikinti işlərini həyata keçirən “Azəravtoyol”un mətbuat xidmətindən bildirilib.
Sözügedən keçid Prezident İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən inşa olunur.
Aşırım və pilləkən hissəsi metal konstruksiyalı olacaq piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
Yüngül konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıq olacaq. Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edəcək. Pilləkən hissələr də daxil olmaqla qalereyasının ümumi uzunluğu 64,75 metr, eni isə 3 metr olacaq. Keçidin yol səthindən hündürlüyü 5,5 metr olması nəzərdə tutulub.
Keçiddə fiziki qüsurlu insanların hərəkəti üçün panduslar da quraşdırılacaq.