REGİONLAR
Sumqayıt Dövlət Universitetində Ulu Öndərin anadan olmasının 93-cü ildönümü qeyd olunub VİDEO
Sumqayıt, 8 may, AZƏRTAC
Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş elmi–praktik konfrans keçirilib.
Konfrans iştirakçıları Ulu Öndərin universitetin foyesindəki büstü önünə gül dəstələri düzərək, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
SDU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, konfransı giriş sözü ilə açan rektor, professor Elxan Hüseynov ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan danışıb. Bu böyük şəxsiyyət bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirib, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutub. Bildirilib ki, xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünüb. Ölkəmizin fəxri, milli iftixarımız və liderimiz Heydər Əliyev bütün problemlərin həll olunmasının öhdəsindən yüksək səviyyədə gəlib. Dünyanın görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcək.
Konfransda Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbov, Qaçqınların və Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər şöbəsinin müdiri Sevindik Hüseynov və digər çıxış edənlər Heydər Əliyevin təhsilin inkişafında rolundan danışıblar, görkəmli dövlət xadiminin zəngin nəzəri irsində və fəaliyyətində təhsil məsələlərinin xüsusi yer tutduğunu qeyd ediblər. Ulu Öndər ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alıb, yüksək dəyərləndirib. Bildirilib ki, Ümummilli Liderin dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlar nəticəsində ölkəmizdə bu gün hər bir sahədə inkişaf prosesləri gedir.
Sonra Ulu Öndərin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş ənənəvi “Ən yaxşı məqalə” müsabiqəsində yer tutan tələbələrə fəxri fərman və pul mükafatı təqdim olunub.