REGİONLAR
Sumqayıt Dövlət Universitetində riyaziyyatın nəzəri və tətbiqi problemləri araşdırılıb
Sumqayıt, 26 may, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) bu ali məktəbin 55 illiyinə həsr olunan “Riyaziyyatın nəzəri və tətbiqi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Tədbir Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutu və SDU tərəfindən birgə təşkil olunub.
Universitetdən AZƏRTAC –a bildirilib ki, tədbirdə AMEA-nın təmsilçiləri, respublikanın ali təhsil müəssisələrinin nümayəndələri, Türkiyə, Gürcüstan, Rusiya və digər ölkələrdən olan alim və mütəxəssislər iştirak edirlər.
Konfransın plenar iclasında SDU-nun rektoru, professor Elxan Hüseynov bildirib ki, zəngin və şərəfli yol keçmiş, ölkəmizin elmi-intellektual potensialının inkişafına əvəzsiz töhfələr verən Sumqayıt Dövlət Universiteti 55 illik yubileyi ərəfəsindədir. Bu məqsədlə silsilə tədbirlər, beynəlxalq elmi simpozium, konfrans və seminarlar təşkil olunur, müəllimlərin təcrübə mübadiləsi aparılır, qarşılıqlı maraq doğuran sahələrdə tədqiqat layihələri birgə yerinə yetirilir. Bütün bunlar universitetin tərəqqisinin parlaq göstəricisidir.
Rektor konfransın əhəmiyyətini vurğulayaraq universitetdə dəqiq elmlərin tədrisində informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən, burada bir sıra fənn laboratoriyalarının yaradılmasından, hazırkı vəziyyətdən bəhs edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyev ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alıb, yüksək dəyərləndirib. Ulu Öndər elmə və elm adamlarına hər zaman qayğı göstərib. Bu gün dahi şəxsiyyətin dövlətçilik prinsipləri Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Qeyd edilib ki, ölkəmizdə bir çox sahələrdə olduğu kimi riyaziyyat elminin inkişafında, elmi kadrların hazırlanmasında Sumqayıt Dövlət Universitetinin müstəsna xidməti var. Konfransa 385 nəfərin 310 tezisi qəbul edilib və konfrans materialları toplusu şəklində çap olunaraq iştirakçılara paylanılıb.
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov “Azərbaycanda riyaziyyatın inkişafı tarixindən” mövzusunda çıxışında Azərbaycan riyaziyyat və mexanika elmlərinin inkişafında əvəzsiz xidmətləri olan alimlərimiz haqqında geniş məlumat verib. Bildirilib ki, onlar elmimizin inkişafı yolunda üzərlərinə düşən vəzifələri həmişə şərəflə yerinə yetirərək ölkəmizi layiqincə təmsil ediblər. Riyaziyyat və Mexanika İnstitutunun bir çox elm, təhsil mərkəzləri ilə sıx əməkdaşlıq etdiyi, ölkəmizin intellektual kadr potensialının formalaşmasına böyük töhfələr verdiyi diqqətə çatdırılıb. M.Mərdanov beynəlxalq konfransın keçirilməsinin elm və təhsilimizin inteqrasiyasına böyük təkan olduğunu vurğulayıb.
Konfransda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin idarəetmənin ümumi problemləri kafedrasının professoru Andrey Fursikov “3D helmholts sistemi ilə əlaqəli normal tip parabolik tənlik və onun qeyri-lokal stabilləşməsi”, Başqırdıstan Dövlət Universitetinin Sterlitamak filialı riyazi analiz kafedrasının müdiri, Başqırdıstan Elmlər Akademiyasının müxbir üzvi Kamil Sabitov “Qarışıq tip tənlik üçün qeyri-lokal Frankl məsələsi haqqında”, Tbilisi Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun professoru Tamaz Tadumadze “Gecikən arqumentli diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi məsələləri: həllərin variasiyalı düsturları, optimallaşdırma, həssaslığın analizi”, İvan Franko adına Lvov Milli Universitetinin diferensial tənliklər kafedrasının müdiri, professor Mikola İvançov “Düzbucaqlı müstəvidə güclü cırlaşan istilikkeçirmə tənliyi üçün tərs məsələ haqqında”, SDU-nun diferensial tənliklər və optimallaşdırma kafedrasının müdiri, professor Fikrət Feyziyev “Modulyar dinamik sistemlər nəzəriyyəsinin inkişafı və müasir problemləri” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda funksional analiz və funksiyalar nəzəriyyəsi, diferensial tənliklər və riyazi fizika, optimallaşdırma və optimal idarəetmə, riyaziyyat və informatikanın tədrisi metodikasının aktual məsələləri üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb.
Konfrans mayın 27-də işini bölmə iclaslarında davam etdirəcək.