REGİONLAR
Sumqayıt Dövlət Universitetinin və Polimer Materialları İnstitutunun birgə Elm və Tədris Mərkəzi yaradılıb
Sumqayıt, 7 oktyabr, AZƏRTAC
Sumqayıt Dövlət Universiteti (SDU) və AMEA-nın Polimer Materialları İnstitutu (PMİ) arasında uzun illər aparılan elmi əməkdaşlığın səviyyəsini, səmərəliliyini artırmaq məqsədilə SDU-da Elm və Tədris Mərkəzi açılıb.
SDU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, professor Elxan Hüseynov və AMEA-nın müxbir üzvü, PMİ-nin direktor vəzifəsini icra edən Bəxtiyar Məmmədov mərkəzin açılışını edərək, əməkdaşlıq müqaviləsi imzalayıblar.
Bildirilib ki, mərkəzin yaradılmasında məqsəd SDU-da tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan təcrübi bilik, bacarıq və vərdişlərin formalaşdırılması, kimya və ekologiya sahələrində istehsalat və elmi yeniliklərin, innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi-tədqiqatların aparılması, universitet və institut arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsindən ibarətdir.