İQTİSADİYYAT
Sumqayıt Kimya Sənaye Parkında qeydiyyat proseduru sınaqdan keçirilib
Bakı, 9 yanvar, AZƏRTAC
Sumqayıt Kimya Sənaye Parkında (SKSP) rezident status əldə etmək istəyən investorlar üçün qeydiyyat proseduru sınaqdan keçirilib.
AZƏRTAC xəbər verir ki, SKSP-də investorların rahat qeydiyyatdan keçməsi, qeydiyyat ərizələrinin doldurulması, statistik hesabatların təqdim edilməsi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə inteqrasiyanın təmin edilməsi üçün “vahid pəncərə” şəklində elektron portalın yaradılması üzərində işlər davam etdirilir. Sənaye parkında rezident olmaq istəyən fiziki və hüquqi şəxslər elektron imza əldə etməklə burada qeydiyyatdan keçə biləcəklər. Bu portal eyni zamanda rezidentlər üçün elektron ofis (E-ofis) kimi xidmət göstərəcək.
Portal üzərində ilkin sınaqlar uğurlu alınıb.
Qeyd edək ki, sistemə daxil olmaq üçün “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin www.scip.az saytında xüsusi bölmə yaradılacaq və giriş təmin olunacaq.