REGİONLAR
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Xızı və Zəngilan rayon nümayəndəliklərində kitab bayramı keçirilib
Sumqayıt, 26 may, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Xızı və Zəngilan rayon nümayəndəliklərində IX kitab bayramı keçirilib.
İdarədən AZƏRTAC–a bildirilib ki, Xızı rayon nümayəndəliyində keçirilən kitab bayramında 1500-ə yaxın bədii, siyasi ədəbiyyat, o cümlədən xarici ölkə yazarlarının əsərləri, uşaq ədəbiyyatı, ensiklopediya və lüğətlər nümayiş olunub. Sərgidə, həmçinin oxucuların əl işlərindən ibarət nümunələr də yer alıb.
Tədbir iştirakçıları Xızı rayon Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin, eləcə də uşaq bağçasının balaca fidanlarının ifasında mahnı və rəqs nömrələrini izləyib, R.İsmayılov adına orta məktəbin, Yeni Yaşma kənd orta məktəbinin, Xələnc kənd orta məktəbinin şagirdlərinin ifasında şeirləri dinləyiblər.
Oxucular arasında viktorina keçirilib, qaliblər hədiyyələrlə mükafatlandırılıblar.
Sonda Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Xızı rayon nümayəndəliyinin baş məsləhətçisi Möhsün Bağırov çıxış edərək, bayram münasibətilə oxucuları və kitabxanaçıları təbrik edib, xoş arzularını çatdırıb.
X X X
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Zəngilan rayon nümayəndəliyində keçirilən kitab bayramında isə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Qarabağ münaqişəsindən bəhs edən kitablar, folklor, bədii və uşaq ədəbiyyatı nümunələri, eləcə də müxtəlif elm sahələrini əks etdirən 350-yə yaxın nəşr nümayiş olunub.
Tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turızm İdarəsinin Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov, MKS-nin direktoru Məhruzə Cəfərova, Zəngilan yazarlarından Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Azəri, Mahir Cavadlı və Bartaz musiqi məktəbinin direktoru Çərkəz Nəsirli çıxış edərək, ulu öndər Heydər Əliyev irsindən, Prezident İlham Əliyevin mədəniyyətimizə və incəsənətimizə diqqət və qayğısından danışıblar.
Sonra Zəngilan rayon 8 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, N.Nərimanov rayon 193 nömrəli tam orta məktəbin şagirdləri ümummilli lider Heydər Əliyevə, Vətənə, kitaba həsr olunmuş şeirlər söyləyib, bədii kompozisiya təqdim ediblər.