REGİONLAR


Sumqayıt Universitetində “Mənim tanrım gözəllikdir, sevgidir” mövzusunda açıq dərs keçirilib

A+ A

Sumqayıt, 18 noyabr, AZƏRTAC

Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan böyük ədib Hüseyn Cavidin yaradıcılığına həsr olunan “Mənim tanrım gözəllikdir, sevgidir” mövzusunda açıq dərs keçirilib.

SDU-nun mətbuat xidmətindən AZƏRTAC –a bildirilib ki, universitetin rektoru, professor Elxan Hüseynov çıxış edərək Hüseyn Cavidin Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən olduğunu bildirib. Qeyd edib ki, onun yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Hüseyn Cavidin böyük istedadı, sənətkarlığı, öz xalqına mənən bağlılığı yaradıcılığına əbədiyaşarlıq qazandırıb. Buna görə də onun kimi işıqlı şəxsiyyətlər həmişə xatırlanacaq.

Rektor vurğulayıb ki, Hüseyn Cavidin yenidən xalqımıza və ədəbiyyatımıza qaytarılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz 1982-ci ildə Ulu Öndərin təşəbbüsü və qətiyyəti nəticəsində onun məzarı sürgün olunduğu Rusiyanın İrkutsk vilayətindən doğulub boya-başa çatdığı Naxçıvana köçürülüb. 1981-ci ildə Naxçıvanda, 1995-ci ildə isə Bakıda onun ev-muzeyləri yaradılıb. 1996-cı ilin oktyabrında isə böyük şairin anadan olmasının ildönümündə Hüseyn Cavid məqbərəsi ucaldılaraq xalqın müqəddəs ziyarətgahına çevrilib.

Filologiya üzrə fəlsəfə doktoru Törə Məmmədova millətinə sadiq olmuş Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Sonra tədbirdə filologiya fakültəsinin III kurs tələbələrinin ifalarında ədibin “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər” əsərlərindən səhnəciklər nümayiş olunub, şeirləri səsləndirilib.

Tədbirə Hüseyn Cavid yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə yekun vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.