REGİONLAR
Sumqayıt: büdcənin gəlir hissəsi 133 faiz yerinə yetirilib
Sumqayıt, 19 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Ötən üç ayda Sumqayıt şəhərində ümumi məhsul istehsalı və xidmətlərin həcmi 291 milyon manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 46,5 milyon manat və ya 19 faiz çox məhsul istehsal olunub və xidmət göstərilib. Sənaye məhsulunun istehsalı 16,4 faiz artaraq 202,3 milyon manata çatıb, məhsul istehsalı 28,5 milyon manatdan çox artıb. Ümumi məhsul buraxılışının tərkibində qeyri-dövlət neft sektorunun payı 85 faizdən çox olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Sumqayıtda ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov məlumat verib.
Hesabat məruzəsində bildirilib ki, Sumqayıtda mühüm infrastruktur layihələri həyata keçirilir, bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra olunur. İlin əvvəlindən şəhər üzrə bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 12 milyon manat vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinin həcmi ötən ilin müvafiq dövrü səviyyəsində, yəni 9 milyon manat həcmində olub. Həyata keçirilən tədbirlər nəticəsində 1853 yeni iş yeri açılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur. Birinci rübdə Sahibkarlığa Kömək Milli Fondundan 3 layihə üzrə 144 min manat güzəştli kredit alınıb. Şəhər büdcəsinin gəlir hissəsi 133 faiz yerinə yetirilib. Yerli büdcəyə 2,3 milyon manat əlavə vəsait daxil olub.
Qeyd edilib ki, hazırda Zülfi Hacıyev küçəsində Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı üçün üçmərtəbəli yeni binanın, Sumqayıt bulvarı ərazisində Bayraq Muzeyinin, 700 metr uzunluğunda tərsanənin və 25 hündürmərtəbəli binanın tikintisi aparılır. Hesabat dövründə mənzil fondunun saxlanılması, dam örtüyünün yenidən qurulması, fasadların təmiri sahəsində xeyli iş görülüb. Mikrorayonlarda 53 yaşayış binasının dam örtüyü metal kirəmitlə əvəzlənib, 11 yaşayış binasının fasadı təmir olunub. 30 yaşayış binasının pilləkən qəfəsləri, 135 binanın zirzəmisi təmizlənib, 658 binanın kanalizasiya xətti, 416 binanın su xətti cari təmir olunub.
Yığıncaqda təhsil, səhiyyə, sənaye sahələrindəki vəziyyət ətraflı təhlil edilib. Məruzə və çıxışlarda bu ilin birinci rübündə qazanılmış uğurlardan, həyata keçirilən layihələrdən ətraflı söhbət açılıb, işdə yol verilən nöqsanlar təhlil edilib, mövcud problemlərlə bağlı təkliflər səsləndirilib.