REGİONLAR


Sumqayıt: hərbi hissədə keçirilən “Açıq qapı” günündə unudulmaz anlar yaşanıb

A+ A

Sumqayıt, 11 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC 

Sentyabrın 11-də Müqəddəs Qurban bayramı münasibəti ilə Sumqayıtda yerləşən “N” saylı hərbi hissədə keçirilən “Açıq qapı” günündə unudulmaz anlar yaşanıb.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl korpus komandiri, general – leytenant, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərov, hərbi hissənin komandiri, polkovnik Qurban Qurbanov və valideynlər ümummilli lider Heydər Əliyevin hərbi hissənin həyətində ucalan büstü önünə güllər düzərək, Ulu Öndərin əziz xatirəsini yad ediblər.

Azərbaycan Respublikasının Dövlət himni səslənib.

Sonra Müdafiə Nazirliyinin və korpusun yüksək rütbəli zabitləri hərbi hissəyə gəlmiş əsgər valideynləri və yaxınları ilə görüşüblər. Bildirilib ki, Müdafiə Nazirliyinin bütün hərbi hissələrində keçirilən "Açıq qapı" günləri valideynlərlə hərbi qulluqda olan övladları arasında bir növ canlı körpü rolunu oynayır. Çıxış edənlər bu formatda təşkil olunan tədbirinin xüsusi əhəmiyyətinə toxunaraq vurğulayıblar ki, əsgərlərin xidmət yerində doğmalarını görmələri onların əhval-ruhiyyəsinə müsbət təsir göstərir, əlavə stimul yaradır.

Sonra qonaqlar hərbi hissə ilə tanış olublar. Onlara xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanasına və yeməkxanasına baş çəkmək imkanı yaradılıb. Əsgərlərin istirahət şəraiti də valideynlərin diqqətinə çatdırılıb.

Hərbi hissə ilə tanışlıq zamanı əsgər valideynlərinə və yaxınlarına buradakı xidmət şəraiti, əsgərlərin gündəlik həyat tərzi, qida rasionu barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

İdman, silah, dərs otaqlarına da baş çəkən əsgər ata-anaları sonra hərbi hissənin meydançasında nümayış olan konsert proqramına qatılıblar.

Sonda valideynlər, zabit heyəti və əsgərlər bayram süfrəsi arxasında birgə nahar ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.