REGİONLAR
Sumqayıt kimyaçıları Neftçilər gününü qeyd ediblər
Sumqayıt, 20 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
“Azərikimya” İstehsalat Birliyinin (İB) akt zalında 20 sentyabr – Azərbaycan neftçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qətiyyətli addımları ilə ölkəmizin iqtisadi-siyasi həyatında taleyüklü dəyişikliklərə imza atıldığı bildirilib, bu dəyişikliklərin təməlində 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın ən nüfuzlu neft şirkətlərinin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi”nin dayandığı vurğulanıb.
“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxış edərək, böyük neftçilər ailəsi ilə birgə peşə bayramlarını qeyd edən kimyaçıları əlamətdar gün münasibətilə təbrik edib. M.Babayev dövlətimizin iqtisadiyyatının ana sütununu təşkil edən neft-qaz sənayesinin inkişafından danışaraq bildirib ki, bu sahəyə göstərilən diqqət və qayğı özünü neftçilərin, kimyaçıların sosial rifahının yüksəldilməsində də büruzə verir. Neft-qaz sənayesinin cəfakeş insanları hər il fəxri ad, orden və medallarla təltif olunurlar ki, onların arasında “Azərikimya”nın əməkdaşları da var.
Tədbirdə “Azərikimya” İB-də həyata keçirilən yenidənqurma işləri, qazanılmış texniki nailiyyətlər, əməkçilərin istehsalat fəaliyyəti, onların ildən-ilə yaxşılaşmaqda olan sosial-mədəni həyatı dolğunluğu ilə slayd-şou vasitəsilə nümayiş olunub.
Sonda “Azərikimya” İB tərəfindən təltif olunmuş 10 kimyaçıya fəxri fərman və pul mükafatı, həmçinin neft, qaz və kimya sənayesi işçilərinin XXIV Spartakiadasında uğurlar qazanmış əməkdaşlara qiymətli hədiyyələr təqdim edilib.