REGİONLAR
Sumqayıt kimyaçılarının ilk payız iməciliyi
Sumqayıt, 18 sentyabr, AZƏRTAC
“Azərikimya” İstehsalat Birliyinin (İB) işçiləri payızın gəlişini və neftçilərin sentyabrın 20-də qeyd ediləcəyi peşə bayramını iməciliklə qarşılayırlar.
AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də İB-nin struktur bölmələrində 2016-cı ilin ilk payız iməciliyi keçirilib. İməcilikdə Etilen-polietilen zavodundan, Təmir-tikinti İdarəsindən və birliyin idarəetmə aparatından ümumilikdə 500 nəfər əməkdaş iştirak edib.
İki gündən bəri aramsız davam edən payız yağışının yaratdığı müəyyən çətinliklərə baxmayaraq, böyük ruh yüksəkliyi şəraitində keçən iməcilik zamanı Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin daxili ərazilərində, həmçinin Səməd Vurğun küçəsində təmizlik-abadlıq işləri aparılıb, əvvəlki iməciliklərdə əkilən ağaclara aqrotexniki qulluq göstərilib, dibləri bellənilib, sahələr alaq otlarından təmizlənib.
İməcilik zamanı paralel olaraq Etilen-polietilen zavodunun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanılması sahəsinin yaşıllıq zonası üçün ayrılmış ərazisində 300 ədəd müxtəlif növ ağac əkilib.
Sumqayıtın sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllıqların artırılmasına xidmət edən iməciliklərin payız mövsümü boyu davam etdirilməsi nəzərdə tutulur.