CƏMİYYƏT
Sumqayıt kitabxanasında Milli qəhrəmanlarımız yad edilib
Sumqayıt, 11 fevral, AZƏRTAC
Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi “Qəhrəmanlarımızı tanıdaq” adlı tədbir keçirib. Tədbir fevral ayında anadan olmuş Milli qəhrəmanlarımıza həsr edilib.
Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC–a bildirilib ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Milli qəhrəmanlarımız Mübariz İbrahimovun, Bəylər Ağayevin və Təbriz Xəlilbəylinin həyat və fəaliyyətlərindən, onların keçdiyi döyüş yolundan söhbət açılıb.
Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Sonda kitabxanaçı Zibeydə Məmmədova mövzu ilə əlaqədar tərtib olunmuş kitab sərgisində nümayiş olunan ədəbiyyatlar haqqında oxuculara məlumat verib, uşaq şöbəsi tərəfindən tərtib olunan tövsiyə ədəbiyyat siyahısı ilə onları tanış edib.