İDMAN
“Sumqayıt” klubunun U-13, U-12 və U-11 kollektivləri son həftəni qələbələrlə başa vurub
“Sumqayıt” Futbol Klubunun akademiyası geridə qoyduğumuz həftəni qələbələrlə başa vurub.
Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildiriblər ki, “Sumqayıt”ın 13 yaşadək futbolçulardan ibarət komandası İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçiləri üzərində minimal hesablı qələbə qazanıb. Komandada yeganə qolu Fərhad Salamzadə vurub.
“Sumqayıt”ın U-12 kollektivi isə “Uşaq Gənclər İdman Məktəbi-1” komandasını Hüseyn Yusifzadə və Alı Alıyevin qolları ilə 2:0 məğlubiyyətə uğradıb.
Klubun 11 yaşadək futbolçuları isə “Təhsil” komandasından üstün olublar - 5:3. Ruhid Mustafayev və Əli Əlizadənin dubl etdikləri oyunda Mübariz Hüseynzadə bir qolla yadda qalıb.
Bundan başqa, U-17 komandası kubok uğrunda yarışda “Vətən” kollektivini 4:1 hesabı ilə məğlub edib. Komandada Şəhriyar Haqverdiyev (dubl), Taleh İsgəndərov və Tural Fəttayev fərqləniblər.