İDMAN
“Sumqayıt” komandası “Bakı” kollektivi ilə heç-heçə edib
Sumqayıt, 24 noyabr, AZƏRTAC
“Sumqayıt” komandası Topaz Premyer Liqasının 12-ci turunda “KapitalBank Arena”da “Bakı”nı qəbul edib.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqların hücumçusu Nurlan Novruzov qarşılaşmada erkən qolla yadda qalıb. Rəqibindən üstün oyun nümayiş etdirən “Sumqayıt” yalnız 85-ci dəqiqədə bərabərlik qolunu vura bilib – 1:1. Sumqayıtlıların heyətində Kiyan Sultanpur fərqlənib.
Oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov jurnalistlərə açıqlamasında bildirib: “İlk dəqiqədə qol buraxmağımız bizi çətin duruma saldı. “Bakı”dan üstün oynadıq. Rəqibin demək olar ki, şansı qalmadı. Biz isə yaratdığımız imkanları dəyərləndirə bilmədik. Əgər bərabərlik qolunu bir qədər tez vursaydıq, oyunda qalib gələ bilərdik”.
“Bakı”nın baş məşqçisi İbrahim Uzunca isə qarşılaşma ilə bağlı deyib: “Gərgin oyun oldu. Qolu erkən vurduq. Bundan sonra rəqib daha çox hücum etdi. Amma biz ikinci qolu vurmalı olduğumuz bir vaxtda rəqib hesabı bərabərləşdirdi. Səhvimizdən sonra qapımızda qol gördük. Bütün bunlara baxmayaraq, mən komandamızın oyunundan və qazanılan bir xaldan razıyam”.