CƏMİYYƏT
Sumqayıt polisi yarım kiloqramdan çox heroini dövriyyədən çıxarıb
Bakı, 14 iyun, AZƏRTAC
Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində bir nəfər özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən saxlanılaraq 3-cü polis bölməsinə gətirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman onun cibindən polietilenə qablaşdırılmış siqaret kağızında 2 bükülü və qatlanan bıçaq aşkar edilərək götürülüb.
Araşdırmalarla onun şəhər sakini Elşən Həsənov olduğu məlum olub.
Ekspertizaya göndərilən həmin bükülüdəkilərin 0,627 qram heroin olması barədə rəy verilib. Əməliyyat tədbirlərinin davamı olaraq, onun yaşadığı mənzilə baxış keçirilib və oradan qara sellofan torbada ümumi çəkisi 570 qram olan heroin aşkarlanıb.
E.Həsənov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində cinayət işi başlanılıb. Zəruri və təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.