İQTİSADİYYAT


Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində aparılmış auditin nəticələri açıqlanıb

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə (Mərkəz) ayrılmış vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

AZƏRTAC Hesablama Palatasına istinadla xəbər verir ki, 2014-cü il ərzində 16 min 400 nəfəri əhatə edən 4222, 2015-ci il ərzində 17 min 224 nəfəri əhatə edən 4451, 2016-cı ilin I rübündə isə 3309 nəfəri əhatə edən 848 olmaqla cəmi 9521 ailəyə ünvanlı dövlət sosial yardımı (ÜSY) təyinatı aparılıb, 2014-cü ildə 212, 2015-ci ildə 142, 2016-cı ilin I rübündə isə 29 olmaqla cəmi 383 ailəyə müxtəlif səbəblərdən imtina haqqında qərar verilib. Audit prosesində risk əsaslı seçmə həyata keçirilib və araşdırma həmin işlər üzrə aparılıb.

ÜSY-nin adambaşına düşən orta məbləği 2014-cü ildə 37,37 manat, 2015-ci ildə 41,65 manat, 2016-ci ilin I rübündə isə 39,70 manat təşkil edib.

Sosial müavinətlər və təqaüdlər üzrə mərkəz tərəfindən auditin əhatə etdiyi dövr ərzində 3206 nəfərə yeni təyinat aparılıb, beş nəfərə təyin edilən sosial müavinət və təqaüd işi digər əhalinin sosial müdafiəsi mərkəzlərindən daxil olub, 1037 sosial müavinət işinin ödənişi müəyyən səbəblərdən dayandırılıb, 332 müavinət və təqaüd işi üzrə sosial müavinət və təqaüd alan şəxs vəfat edib, 243 iş üzrə sosial müavinət alana ödəniş əmək pensiyası hüququ yaranması ilə əlaqədar dayandırılıb.

ÜSY təyinatı üzrə bir sıra hallarda qanunvericiliyin tələblərinə əməl edilməyib, 56 iş üzrə ailənin əmək haqqı gəlirləri, 36 iş üzrə sosial müavinətlərdən, 17 iş üzrə əmək pensiyalarından, 22 iş üzrə torpaq payından, 11 iş üzrə digər mənbələrdən gəlirləri haqqında, 16 iş üzrə ailənin tərkibi, 2 iş üzrə kredit öhdəliyi, 1 iş üzrə edilmiş alqı-satqı, 100 iş üzrə ailənin istifadəsində avtomobilin olması haqqında düzgün və ya tam məlumat verilməyib, 2 iş üzrə ailənin əmək qabiliyyətli üzvünün işləmədiyi, 16 məcburi köçkün işi üzrə kommunal xidmətlərə görə ödəmələr düzgün nəzərə alınmayıb, 2 iş üzrə Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbi ailənin tərkibinə daxil edilib, nəticədə ÜSY üzrə artıq ödəmələr yaranıb.

Sosial müavinətlər və təqaüdlərin təyinatı və ödənişi zamanı da qanunvericiliyin bir sıra tələblərinə əməl edilməyib, əmək pensiyası hüququ olduğu halda 5 iş üzrə əlilliyə görə, 3 iş üzrə sağlamlıq imkanlarının məhdudluğuna görə, 1 iş üzrə ailə başçısının itirilməsinə görə, 7 iş üzrə kommunal güzəştlərin ləğv edilməsinə görə sosial müavinət ödənilib, 16 iş üzrə vətəndaşın vəfat etdiyi tarix dəqiqləşdirilməyib, 7 iş üzrə səhv hesablamalara yol verilib, birdəfəlik müavinətlərin ödənilməsində nöqsanlar olub.

Təqdim edilmiş məlumatlara əsasən, auditin başladığı tarixə həm ünvanlı dövlət sosial yardımı, həm də sosial müavinətlər və təqaüdlər üzrə bağlanmış hesablarda istifadəsiz qalmış vəsaitlər mövcud olduğu müəyyən edilib və həmin vəsaitlər audit dövründə dövlət büdcəsinə qaytarılıb.

Hesablama Palatasının kollegiyası Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə müvafiq təqdimat Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, kollegiya qərarının surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.