REGİONLAR
Sumqayıt şəhər Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbi 25 illik yubileyini qeyd edib
Sumqayıt, 23 dekabr, AZƏRTAC
Sumqayıt şəhər Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbi 25 illik yubileyini qeyd edib.
Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, bu münasibətlə məktəbdə bayram tədbiri keçirilib. Məktəbin direktoru Vasif Heydərov kollektivi yubiley münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə başlanan tədbirdə müəllim Səriyyə Dünyamalıyeva məktəbin yaranması, fəaliyyəti və qazandığı nailiyyətlər haqqında məlumat verib.
Sonra məktəbin müəllim və şagirdləri maraqlı konsert proqramı ilə çıxış ediblər. Yubiley tədbiri Fikrət Əmirovun əsərlərinin səsləndirilməsi ilə başa çatıb.