CƏMİYYƏT
Sumqayıt şəhərinin açıq su hövzələrində monitorinq aparılıb
Bakı, 4 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Sumqayıt şəhərində açıq su hövzələrinin çirkləndirilməsinə qarşı növbəti reyd keçiriblər.
Reyd zamanı Sumqayıt şəhərində “Acı-Dərə”si kanalı ərazisində bərk məişət tullantılarının qalaqlanması, 76-cı məhəllədə fəaliyyət göstərən “Quşçuluq təsərrüfatı”nda formalaşan çirkab sularının təmizlənmədən birbaşa həmin su hövzəsinə axıdılması, Xəzər dənizi sahil zolağında “Freqat”, “Nicat”, “Orxan”, “Neptun”, “Sahil”, “Alinea” ictimai iaşə obyektlərində yaranan bərk və maye mənşəli məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə edilməməsi faktları aşkar olunub. Faktlarla bağlı obyekt sahibləri barəsində protokollar tərtib edilib.
İnzibati xəta törətdiklərinə görə obyekt sahibləri 3800 manat məbləğində cərimə olunub və çatışmazlıqların aradan qaldırılması üçün onlara müddətli “məcburi göstəriş”lər verilib.
“Acı-Dərə”si kanalı ərazisində bərk məişət tullantılarının atılmasında və qalaqlanmasında təqsirkar olan şəxslərin müəyyənləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinə müraciət olunub.