CƏMİYYƏT
Sumqayıta giriş yolu 5 metr genişləndirilir
Sumqayıt, 8 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Bu gün Sumqayıt şəhəri ilk baxışdan böyük tikinti meydançasını xatırladır, hər yerdə abadlıq-quruculuq işləri görülür. Şəhərin ucqar mikrorayonlardan mərkəzi hissəsinə qədər daxili yollar təmir olunur, 48 uşaq bağçasının tavanı yenilənir, dənizkənarı bulvar genişləndirilir, Heydər Əliyev parkında yeni Mərkəzin tikintisi üçün hazırlıq işləri aparılır.
Bununla yanaşı, Sumqayıta giriş yolundan “Göyərçin” abidəsinə qədər avtomobil yolu 5 metr genişləndirilir.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC –a bildiriblər ki, artıq bununla bağlı işlərə start verilib. Şəhərin əsas girişinin genişlənirilməsi məqsədilə əraziyə texnika cəlb olunub. Quru ağaclar kəsilir, digərlərinin yeri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi texnikası vasitəsilə dəyişdirilir. Bu ağaclar çıxarılıb başqa ərazilərə köçürülür. Şəhərin genişləndirilən Sülh küçəsi tezliklə müasir görkəm alacaq.