REGİONLAR
Sumqayıtda 3 yerdə kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil olunub VİDEO
Sumqayıt, 30 yanvar, Ətrabə Rzayea, AZƏRTAC
Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması məqsədilə Sumqayıt şəhərində də təxirəsalınmaz tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə şəhərdə sakinlərin istəyi nəzərə alınaraq 3 yerdə - 12-ci mikrorayon, 42-ci məhəllə və “Köhnə avtovağzal” adlanan ərazidə kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil olunub. Həftənin şənbə və bazar günləri təşkil olunan yarmarkada respublikanın ayrı-ayrı rayonlarından, əsasən də Quba, Qusar, Xaçmazdan minədək fermer yarmarkada satışa 500 tondan çox kənd təsərrüfatı məhsulları çıxarıb.
Əhaliyə təqdim olunan məhsulların qiyməti bazarlardakından 25-30 faiz aşağıdır. Yarmarkanın ərazisində nəzarət-toksikologiya laboratoriyası və baytarlıq nəzarət xidmətinin əməkdaşları tərəfindən tibbi müayinələr aparılıb.
Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub. Şəhər icra hakimiyyətindən bildiriblər ki, hüquq mühafizə orqanlarının və digər ictimai qurumların nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb, şəhər ərazisində fəaliyyət göstərən iri ticarət şəbəkələrində monitorinqlər keçirilib, strateji əhəmiyyət kəsb edən ərzaq məhsullarının qiymətlərinə və keyfiyyətinə nəzarət olunub, aşkar edilmiş nöqsanlar barədə iradlar bildirilərək sahibkarların diqqətinə çatdırılıb.