QAN YADDAŞI
Sumqayıtda Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar elmi-nəzəri konfrans keçirilib VİDEO
Sumqayıt, 31 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar elmi-nəzəri konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirin iştirakçıları əvvəlcə şəhərin orta ümumtəhsil məktəb şagirdlərinin “31 mart - azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” mövzusunda çəkdikləri rəsm əsərlərinə baxıblar.
Konfransda əvvəlcə soyqırımı qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra sənədli film təqdim olunub.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun, Milli Məclis deputatlarının, hüquq mühafizə orqanları əməkdaşlarının, eləcə də idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdikləri konfransda ermənilər tərəfindən əsrlər boyu xalqımızın başına gətirilən müsibətlər tarixi mənbələrə əsaslanaraq, faktlarla diqqətə çatdırılıb.
Konfransda “Ermənilərin tarixi, Azərbaycan torpaqlarına ərazi iddiaları və azərbaycanlılara qarşı soyqırımı siyasətinin tarixi aspektləri”, “31 mart 1918-ci il soyqırımı: Bakıda törədilən qırğınlar”, “1918-ci ildə ermənilər tərəfindən Azərbaycanın bölgələrində törədilən qırğınlar”, “Dağlıq Qarabağ “böyük Ermənistan” xülyası kontekstində” və digər mövzular üzrə məruzələr dinlənilib.
Çıxışlarda Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində xüsusi qəddarlıqla həyata keçirilən soyqırımlarının erməni millətçilərinin məkrli siyasətinin nəticəsi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, erməni terrorunun beynəlxalq səviyyədə tanınması, erməni genosidinin ifşası istiqamətində bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi fəaliyyət daha da güclənərək, ermənilərə qarşı ideoloji əks-hücum xarakteri alıb.